Cəmiyyət
II ELAT MƏDƏNİYYƏTİ GÜNLƏRİ
Düz bir il bundan əvvəl, Başkeçidin Armudlu yaylağında bu bayramın təntənəsinə 10 minlərlə insan toplaşmışdı, möhtəşəm bir qələbəlik var idi. Hamı böyük yurd sevgisiylə bura toplaşaraq milli adət-ənələrimizi nümayiş etdirirdi.Bu il də ziyalılardan, matbuat və incəsənət nümayəndələrindən ibarət maşın karvanları ilə Borçalıya yollandıq, yenə də Armudlu yaylağına. Qırmızı Körpünü keçib, qədim yurd yerimiz Borçalıya qədəm basdıq. Onu da deyim ki, İlməzli kəndində qaldığımız bu iki gündə əziyyətimizi çəkən, bizə doğmalıq göstərərək, özümüzü evimizdəki kimi hiss etməyə imkan verən şair Elbəyi Cəlaloğlunun ailəsinə- atası Cəlal kişi və anası Qənirə xanıma təşəkkürümüzü bildiririk.
"Azərbaycan-Gürcüstan dostluğu sarsılmazdır" və digər şüarlarla bəzədilmiş meydana toplaşanları salamlayan folklorşünas alim Elxan Məmmədli Elat bayramının mahiyyətindən danışaraq, türklərin hər zaman öz milli dəyərlərinə sahib çıxdığını qeyd etdi. Tədbirin təşkilatçısı, "Borçalı" İctimai Cəmiyyətinin sədri, Zəlimxan Məmmədli çıxış edərək bütün çətinlikləri gözünə almadan bayramı qeyd etmək üçün meydana toplaşanlara təşəkkürünü bildirdi: "Biz bura min illərin sınağından çıxmış qədim türk mədəniyyətini, milli dəyərlərimizi ortaya qoyaraq, yüksək əxlaq nümayiş etdirərək, gəldik. Ona görə də keçən il də demişdim, indi də deyirəm, Allaha and olsun ki, Allah bu günə sevinir. Elə problemlər var ki, onları mədəniyyət nümayiş etdirməklə həll etmək olar. Müxtəlif maneələrə və əngəllərə baxmayaraq, biz də öz mədəniyyətimizi nümayiş etdirmək üçün bura toplaşmağa nail ola bildik. Mən Borçalının daha gözəl, daha parlaq gələcəyi üçün hər şeyi qurban verməyə hazıram. Gürcüstanda 500 mindən çox azərbaycanlı yaşayır. Gürcüstan konstitusiyasında milli azlıqların öz ana dilində danışmaq, təhsil almaq, kənd adlarını qorumaq haqları var, bunlara əməl etmək lazımdır. Allahın izniylə biz bu tədbiri hər il keçirəcəyik, əminəm ki, bunun üçün heç bir bürokratik əngəllər olmayacaq. Mən Gürcüstan vətəndaşı olduğum üçün bu ölkənin inkişafını istəyirəm. Bu yaxınlarda Batumidə dövlət başçılarının görüşündə konfederativ dövlət modeli də qəbul olundu, mən buna sevinərəm. Bu birlik bütün Qafqazı bəlalardan xilas edəcək". Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Fəxri Hacıyev çıxış edərək, min illərdən bəri tarixin sınaqlarından üzüağ çıxan Borçalı Qarapapaq türklərini bayram münasibətilə səfirliyin bütün əməkdaşları və şəxsən səfirin adından təbrik etdi. Qeyd etdi ki, xalq kültürü ilə bağlı son zamanlar Gürcüstanda çoxlu ənənələr formalaşır, bu da Borçalı türklərinin həyat tərzinə müsbət təsir göstərir. O, Gürcüstan-Azərbaycan dostluğunun miladdan öncəyə təsadüf etdiyindən, bu tarixi dostluğu daha da gücləndirməyə, inkişaf etdirməyə səy göstərən hər bir təşkilatı dəstəkləməyə hazır olduqlarını bildirdi. Həmçinin, Başkeçidin Anadolu türkü ilə Borçalı türkünü, eyni zamanda, gürcülərlə azərbaycanlıları birləşdirən müqəddəs bir məkan olduğunu xüsusi vurğuladı. Daha sonra Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Əhməd Ərdəm, TİKA-nın Gürcüstan təmsilçisi Səlim bəy və digər qonaqlar da çıxış edərək, öz səmimi təbriklərin söylədilər.
Azərbaycanın güneyindən olan aşıq Məhbubun, 2007-ci il muğam müsabiqəsinin laureatı Şəmsəddin İbrahimovun, həmin müsabiqənin iştirakçısı Ələkbər Ələkbərovun, "Yallı" rəqs müsabiqəsinin laureatı, saz ifaçısı Araz Uzunalovun ecazkar səsi isə bayramı daha da rövqənləndirdi.
Təəssüf doğuran hadisə yalnız elastik hərəkətləri ilə iştirakçılara böyük zövq verən idmançılardan Mikayıl Orucovun tədbirin sonunda faciəli ölümü oldu. Yaxınlıqdakı Armudlu gölündə dostları ilə çimməyə gedən Mikayıl gölün ortasında qarşısı armaturlarla bərkidilmiş borunun burulğanına düşərək həlak oldu. Hadisə yerinə gələn xilasedicilər onun cəsədini dərhal sudan çıxara bildilər. Mərhumun cənazəsi srağagün gecə valideynlərinə təhvil verildi, səhəri günü isə Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olundu. Yas mərasimində iştirak etdiyim zaman mərhumun anası Xumar xanımın tez-tez təkrarladığı bir sözü xatırladım: "Mikayıl məni peşman etdi". Elə bizi də... Allah rəhmət eləsin!
Müəllif: Yaqut Misirxanlı Bakı-Gürcüstan-Bakı



Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.
Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.