Siyasət
Azərbaycan post-industriya erasına qədəm qoyur
İlham Əliyev: "Azərbaycan təkcə neft sənayesində deyil, bütün sənaye sahələri üzrə inkişaf etməlidir"
"Biz Azərbaycanda çox güclü sənayeləşmə siyasətini aparırıq və bildiyiniz kimi, bu sahəyə diqqət günü-gündən artır. Biz həm yerli investorları ruhlandırırıq, həm də xarici sərmayələri alqışlayırıq. Elə etmək istəyirik ki, Azərbaycana qoyulan vəsait ölkəmizdə çox güclü sənaye potensialı yarada bilsin"- Prezident İlham Əliyev ölkədə sənayenin inkişafının vacibliyini belə ifadə edir.Son bir neçə ildə artım göstəricisi baxımından dünyada ilk yerin sahibi kimi çıxış edən Azərbaycan iqtisadiyyatını xarakterizə edən əsas göstəricilərdən biri onun konkret bir sahəni yox, digər mühüm iqtisadi sferaları da əhatə etməsidir. Bunun nəticəsidir ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkəmizdə iqtisadi inkişaf təkcə enerji sferası ilə məhdudlaşmayaraq, başqa sahələr üzrə də özünü qabarıq büruzə verir.
Belə sahələrdən danışarkən, sənayenin payı xüsusi qeyd olunmalıdır. Çünki bu gün ölkəmizdə əhəmiyyətli dərəcədə inkişaf edən, istehsal göstəriciləri daim yüksəlməkdə olan və kifayət qədər böyük bir potensiala malik sənaye mövcuddur. Ölkə iqtisadiyyatında xüsusi çəkiyə malik olan sənayenin möhkəm dayaqlar üzərində qurulması ötən ilin yekunlarında da özünü aydın göstərdi.
Belə ki, dünyanın əksər dövlətlərində, o cümlədən, sənayeləşmiş dövlətlərdə bu sahədə ciddi tənəzzül yaşandığı halda, Azərbaycanda sənaye istehsalında 8,6 faizlik bir artım qeydə alındı. Məhz bu, bir daha Azərbaycan sənayesinin inkişaf strategiyasının nə dərəcədə düzgün müəyyən olunduğunu və uğurla həyata keçirildiyini əyani nümayiş etdirdi.
Energetika ilə yanaşı, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələri də Azərbaycanda bu gün böyük sürətlə inkişaf etməkdədir. Konkret strategiya və proqramlarla müəyyən olunan bu inkişaf ümumi iqtisadiyyatda sənayenin çəkisinin artmasına önəmli təsir göstərir. Bunun nəticəsidir ki, son illərdə ölkəmizdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət elektrik cihazlarının, plastik qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalı mənimsənilib, əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qismi artıq Azərbaycanda istehsal olunmağa başlanıb. Həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsində isə sənayedə xarici və müştərək müəssisələrinin sayı 3 dəfədən çox artıb, bu sahədə minlərlə yeni iş yerləri açılıb.
Bununla yanaşı, yeni formalaşan təsərrüfat strukturlarının nəzərə çarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.
Qeyd olunan faktorlar isə illər üzrə sənayenin ümumi artımına və burada qeyri-dövlət sektorunun oynadığı rola da təsirsiz ötüşmür. Belə ki, sənaye məhsulunun ümumi istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 5,5 faizdən 2008-ci ildə 75 faizədək artıb. Ötən il isə qlobal maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, sənaye istehsalında artım 8,6 faiz təşkil edib.
Ölkəmizdə neft sektorunun dinamik inkişafı qeyri-neft sahələrinin tərəqqisinin daha da sürətləndirilməsi üçün möhkəm zəmin yaradır. Bununla yanaşı, qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi və digər islahatlar növbəti illər ərzində qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcək əsas faktor kimi çıxış edir.
Qarşıdakı illərdə sənaye sektorunun inkişaf etdirilməsində əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi hesabına sənayenin davamlı inkişafına nail olmaqdan ibarətdir.
Əlbəttə ki, Azərbaycanda iqtisadiyyatın aparıcı bölmələrindən biri olan sənayedən danışarkən, ölkəmizin müdafiəsi məqsədilə yaradılan və ya fəaliyyəti yenidən qurulan müəssisələrinə xüsusi toxunmaq lazım gəlir. Müdafiə Sənayesi Nazirliyinin balansında olan bu müəssisələr sənayenin inkişafında, həmçinin, ölkəmizin daha etibarlı şəkildə qorunmasında zəruri rol oynayır.
Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün nazirliyin müəssisələrində xeyli sayda istehsal sahələri formalaşdırılıb.
2008-ci illə müqayisədə ötən il nazirlik üzrə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmi isə 20 faiz artıb. Ümumilikdə 586 adda məmulat istehsal edilib ki, bunun da 350-si müdafiə təyinatlı məmulatlardır.
Beləliklə, bir çox xarici dövlətlərdən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsullarının çeşidinin daha da çoxalacağı gözlənir. Bu, silahlı qüvvələrin texniki ehtiyacının əsas etibarlı ilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Artıq ölkənin hərbi-sənaye kompleksində yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və onların növlərinin daha da artırılması nəzərdə tutulur.
Perspektivdə Azərbaycan istehsalı olan hərbi vertolyotların istifadəyə verilməsi də planlaşdırılır. Bu isə silahlı qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir.
Qeyd edilənlər onu göstərir ki, indi ölkəmizdə böyük imkanlara malik istehsal müəssisələri, sənaye obyektləri mövcuddur. Həmin obyektlərin istehsal potensialından səmərəli istifadə etməklə istər daxili, istərsə də, xarici bazarda rəqabət qabiliyyətli, beynəlxalq standartlara uyğun məhsul realizə olunur.
İqtisadi sferada islahatların davam etdirilməsi və həyata keçirilən digər tədbirlər sənayenin inkişafına müsbət təsir göstərməkdədir. Bu səbəbdən, Azərbaycan dünyada həm də sənayenin inkişaf tempi baxımından seçilən dövlətlərdən biri kimi qəbul olunmaqdadır.
Qarşıdakı illər ərzində ölkəmizdə yüksək inkişaf etmiş sənaye məhsullarının istehsalı və ixracı sayəsində ölkənin post-sənaye erasına qədəm qoyması üçün isə Azərbaycan artıq zəruri potensial yarada bilib. Yaxın illərdə Azərbaycan dünyada inkişaf etmiş sənaye dövləti kimi tanınacaq.
Müəllif: Elçin Bayramlı



Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.
Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.